Hiperhidroz
– müəyyən müddətdən bir yaranan və ya daima mövcud olan həddindən artıq tərləməyə deyilir.
Hiperhidroz geniş yayılmış narahatçılığa səbəb olan pozğunluqlardan
biridir. Daha çox qoltuqaltı, ovuc və ayaqların altında müşahidə olunur.
Qoltuqaltında tərləmə yeniyetməliyin sonlarına doğru başladığı halda, əl və
ayaqlardakı problem daha tez 13 yaşından müşahidə olunur. Müalicə olunmazsa,
bütün ömür boyu davam edir. Adətən emosional vəziyyətlə əlaqəli olur, həyəcan,
qorxu, təşviş zamanı artır. Hiperhidrozun diaqnostikasını müəyyən etmək üçün
anamnez toplanılır və müayinə aparılır, yod və nişasta ilə prob qoyulur, səbəbi
müəyyən etmək üçün testlər aparılır. Tərləmənin səbəbini müəyyən etmək üçün
aparılan laborator testlər xəstənin digər simptomları əsasında aparılır. Mümkün səbəbləri nevroloji, endokrin,
infeksiya, sistem xəstəlikləri ola bilər. Bir çox hallarda hiperhidrozdan
əziyyət çəkən şəxslərdə kənar heç bir patologiya aşkarlanmır, yeganə problem
tərləmə olur. Müalicəsində adətən alüminium
tərkibli antipersperantlar, iontofarez, antixolinergik dərmanlar, botulotoksin tip A, lazer müalicəsi istifadə
olunur. Bu sadalananların heç biri kömək etmədikdə cərrahi əməliyyat nəzərdə
tutula bilər. Hiperhidroz bəzən emosional stressə səbəb olur ki, bu da sosial
izolyasiyaya gətirib çıxardır.