Dəm qazı ilə zəhərlənmə ən geniş yayılmış ölümcül zəhərlənmələrdən sayılır. Dəm qazı (CO) rəngsiz, iysiz qazdır. Adətən evlərdə düzgün quraşdırılmamış isitmə cihazlarının, avtomobillərdə ventilyasiya sistemində olan pozğunluqlar, su isidicilərinin, sobaların düzgün işləməməsi zəhərlənməyə gətirib çıxarır.
Tam öyrənilməsə də, araşdırmalara görə CO hemoqlobindən oksigeni kənarlaşdırır, mitoxondrilərdə tənəffüsü zəiflədir və ola bilsin ki, baş beyin toxumasına birbaşa toksik təsir göstərir.
Dəm qazı ilə zəhərlənmə başağrı, başgicəllənmə, stenokardiya, zəiflik, huşun itirilməsi, konsentrasiyanın zəifləməsi, vəziyyəti kritik qiymətləndirmə bacarığının pozulması, dezorientasiya kimi kəskin inkişaf edən simptomlar yaradır. Zəhərlənmənin daha yüksək səviyyəsində ürəkgetmə, karlıq, qıcolma yarana bilər. Qanda karboksihemoqlobinin dərəcəsi 60%-i keçəndə koma, hipotenziya, tənəffüs çatmamazlığı və ölüm baş verir. Bəzən isə görmənin zəifləməsi, qarın nahiyəsində ağrılar və s. kimi başqa simptomlar da ola bilir. Daha ağır zəhərlənmələr zamanı psixonevroloji simptomlar (demensiya, psixoz, parkinsonizm, amneziya sindromu) bir neçə gündən bir neçə həftə müddətində əmələ gəlir və ömrün sonuna qədər davam edə bilər. Çox vaxt dəm qazı ilə zəhərlənmə yanğın vaxtı baş verir və bu zaman tənəffüs yollarının funksiyası pozulıur. Nəticədə tənəffüs çatmamazlığı yaranır.
Simptomlar qeyri-spesifik, qeyri-dəqiq, müxtəlif olduğuna görə bəzən həkimlərin dəqiq diaqnoz qoymasına çətinlik yaradır. Adətən orta zəhərlənmə dərəcəsinin simptomları hər hansı virus xəstəliyinin simptomları ilə qarışıq salına bilər. Ona görə də həkimlərin diqqətli olması vacibdir.
Əgər dəm qazı ilə zəhərlənmədən şübhə varsa, CO-oksimetrin köməyi ilə venoz qanda karboksihemoqlobinin səviyyəsi yoxlanılır. Bəzən Co-nun miqdarı qanda az çıxsa da, zəhərlənmə baş vermiş olur. Çünki buna səbəb təcili yardım zamanı təmiz oksigenin verilməsidir. Bu zaman CO-nun səviyyəsi zəhərlənmənin olmasına baxmayaraq, qanda aşağı düşə bilər. Metabolik asidoz da dəm qazı ilə zəhərlənmənin müəyyən edilməsi üçün bir işarə ola bilər.
Müalicəsi 100% oksigen ilə aparılır.
Daha güclü zəhərlənmələr zamanı müalicə üçün tosikoloji mərkəzin mütəxəssisləri ilə əlaqə saxlamaq lazımdır.