Qızılca virus infeksiyasıdır. Əvvəllər qızılcanın hədsiz çox yayılması müşahidə olunurdu. Daha sonra uşaqların vaksin olunması prosesi bu infeksiyanın getdikcə azalmasına səbəb oldu. Adətən immun sistemi güclü olan insanlar üçün qızılca elə bil təhlükə yaratmır, lakin tarixən bu infeksiyadan baş beynin zədələnməsi hallarına və ölüm hadisələrinə rast gəlinirdi.
Bəs hansı simptomlardan bilmək olar ki, uşaq qızılca infeksiyasına yoluxub? İlk simptomlar yoluxmadan 7-14 gün sonra meydana çıxır:
Hərarət;
Burun axması;
Quru öskürək, boğazda ağrı;
Gözlərin qızarması;
Ağız boşluğunda kiçik qırmızı ləkələr;
Bəzən işığa yüksək həssaslıq;
3-5 gün sonra qaşındıran səpgilər əmələ gəlir. Əvvəl qulaq və boğaz nahiyəsində əmələ gəlir, sonra isə bütün bədənə yayılır. Xəstənin temperaturu 40 dərəcəyə çata bilir və konyuktivit yaranır. Həkimlər qızılcaya yoluxmuş uşaqlara mütləq yataq rejimini gözləməyi tövsiyə edirlər. Belə xəstələr təcrid olunur. Həkimlər xəstənin temperaturunu aşağı salan preparatlardan istifadə etməyi və sahə həkiminin tövsiyələrinə əməl etməyi məsləhət görürlər.
Virus infeksiyalarının yayılmasının qarşısını almaq üçün ÜST vaxtlı-vaxtında planlı şəkildə peyvəndləri etməyi tövsiyə edir. Qızılca, parotit , məxmərək əleyhinə vaksin (QPM) orqanizmi hər üç infeksiyadan qoruyur. Bu peyvəndi almış insanlar demək olar ki, ömür boyu bu infeksiyalardan qorunmuş olurlar. Ona görə də QPM vaksini uşaqların planlı vaksinlənməsi cədvəlində yer alır.