Bu sindromdan adətən qadınların 5-10%-i əziyyət çəkir. Yumurtalıqların polikistoz sindromu dedikdə yumurtalıqlarda yerləşən, onların ölçülərinin artmasına səbəb olan içərisi maye ilə dolu olan kisəciklər nəzərdə tutulur. Bu sindroma nəyin səbəb olması hələ də tam aydınlaşdırılmamışdır. Bir sıra araşdırmalarda deyilir ki, buna səbəb kişi cinsi hormonlarının (androgenlərin) sintezini kontrol edən fermentin funksiyasındakı pozğunluqdur.
Yumurtalıqların polikistoz sindromunun simptomları hər bir qadında müxtəlif ola bilər. Adətən qızlarda cinsi yetişkənlik dövründə yaranır və yaş keçdikcə daha da ağırlaşa bilər.
Bu sindromdan əziyyət çəkən qızlarda menstruasiya cinsi yetişkənlik dövründə başlamaya bilər. Çünki bu zaman yumurta hüceyrə yumurtalıqdan azad ola bilmir və ya qeyri-requlyar azad olur. Menstruasiya keçirən qadın və qızlarda polikistoz sindromu zamanı qanaxma qeyri-requlyar olur və ya tamamilə dayanır. Digər simptomlardan sızanaqların artması, bədəndə tüklərin çoxalması, bəzən nadir hallarda səs tembrinin dəyişməsi, əzələ kütləsinin, süd vəzilərinin ölçüsünün artması, keçəlləşmə və s. rast gəlinir. Yorğunluq, yuxu ilə bağlı problemlər, əhval-ruhiyyənin dəyişilməsi, depressiya, narahatlıq, baş ağrıları kimi geniş yayılmış simptomlar da ola bilər.
Yumurtalıqların polikistoz sindromu diaqnozunu qoymaq üçün həkim ultrasəs göstəricilərindən, hormon analizlərindəki normadan kənaraçıxmalardan istifadə edir və müəyyən diaqnostik kriteriyalara əsaslanaraq fikir bildirir. Ümumiyyətlə həkim müalicəyə başlayarkən bir sıra faktorları nəzərə alır:
Simptomların tipləri və ağırlıq dərəcəsi;
Qadının yaşı;
Hamiləlik haqqında qadının planı;
Müalicəsi zamanı xəstənin vəziyyətindən asılı olaraq müxtəlif yanaşmalardan istifadə edilir. Piylənmədən əziyyət çəkən xəstələrə fiziki aktivlik, dieta və s. çəkinin azalması istiqamətində gedən prosedurlar məsləhət görülür. Hormonal anomaliya riskləri müalicə olunur. Bədəndə olan artıq tüklərdən və sızanaqlı səpgilərdən azad olunur. Əgər qadın hamilə qalmaq istəyirsə, sonsuzluq müalicə olunur.