Hal-hazırda təbabətdə exinaseya bitkisi immunitetin gücləndirilməsi üçün, boğaz ağrılarında, öskürək əleyhinə, soyuqdəymə zamanı istifadə edilir. Bu bitkinin daha dərindən öyrənilməsi zamanı məlum oldu ki, exinaseya yalnız qrip zamanı deyil bir çox digər xəstəliklər zamanı da faydalı ola bilər.
Exinaseya bitkisinin faydaları haqqında danışsaq bir çox sahələrə toxunmalı olacağıq. Əsas təsir dairəsi əlbəttə ki immuniteti gücləndirməsi və soyuqdəymə əleyhinə təsir göstərməsidir. Bitkinin tərkibində olan polisaxaridlər, qlikoproteinler və s. kimyəvi birləşmələr orqanizmdə leykositlərin əmələ gəlməsinə kömək edir. Nəticədə yuxarı tənəffüs yollarının infeksiyalarına qarşı orqanizmin müqaviməti artır. Həmçinin bronxit, kəskin öskürək zamanı da bu bitkinin əhəmiyyəti çox böyükdür.
Araşdırmalar zamanı exinaseya bitkisinin narahatlıq səviyyəsini, qorxu hissini azaltdığı müəyyən olunmuşdur. Orqanizmdə yaranan iltihabi proseslərin də qarşısını almaqda kömək edir. Revmatoid artrit, göz iltihabı və s. xəstəliklər zamanı simptomların yüngülləşməsinə kömək edir. Bu bitkinin faydalı təsirləri bununla bitmir. Exinaseya bitkisi karbohidratlara təsir edən fermentləri qarşısını alır, ona görə də qana az qlükoza keçir və qanda qlükozanın səviyyəsi normallaşır. Daha bir xüsusiyyəti də ağız boşluğu, boğaz, sidik yollarının infeksiyaları zamanı yaranan ağrı hissini zəiflətməkdir. Çünki daxilə qəbul zamanı orqanizmdə sitokinlərin sekresiyasını artırır. Sitokinlər isə iltihabı və əzələlərin ağrı hissini azaldır.
Exinaseyanın həzm sisteminə də təsiri böyükdür. Daxilə çay şəklində qəbul edərkən yüngül işlədici effekt göstərir və bağırsaqların işini stimulə edir. Qəbizliyin müalicəsində kömək edir. Bəzən gün ərzində çox qəbul etmək diareyaya da gətirə bilər.
Çox nadir hallarda exinaseya bitkisinin ziyanı ola bilər. Bəzən bitkilərə allergiyası olan insanlarda bu bitkiyə qarşı da allergiya yarana bilər. Hələ tam araşdırılmadığı üçün hamilə və süd verən analara bu bitkidən istifadə etməyi tövsiye etmirlər.