Müasir dövrdə piylənmə və hədsiz çəki artıqlığı ciddi tibbi problem sayılır. Buna görə də müxtəlif profilli mütəxəssislərinin müvafiq effektiv düzəlişlərini tələb edir.
Müalicə zamanı bədən çəkisinin 5%-dən 10%-a qədər itirilməsi piylənmə ilə bağlı xəstəliklərin əmələ gəlmə riskini azaldır. Əsas məqsəd isə uzun müddətli orta çəki itkisini əldə etmək və saxlamaqdır.
Çəki artıqlığı zamanı hər bir xəstə üçün qidanın azalması və fiziki aktivliyin artması ilə bağlı məqsədlər qoyulmalıdır. Belə həyat tərzinin daimi davam etdirilməsi isə xəstə üçün daha məqsədə uyğun olacaqdır.
Piylənmə əleyhinə olan tibbi preparatlardan istifadə BKİ 30 kq/m²-dən yuxarı olan insanlara, yəni piylənmədən əziyyət çəkən xəstələrə tövsiyə olunur. Əyər xəstə çəkinin azalmasını tələb edən hər hansı patologiyadan əziyyət çəkərsə, qeyri-farmakoloji müalicənin effektivliyi olmazsa, preparatlardan istifadəyə keçilir. Piylənmə əleyhinə istifadə olunan müalicəvi preparatları təyin edərkən onların yan təsirlərini də nəzərə almaq lazımdır. Piylənmədən əziyyət çəkən və dərman preparatları qəbul edən xəstələr mütləq həkim nəzarətində olmalıdırlar.
Piylənmə əleyhinə preparatların qısamüddətli qəbulu zamanı (12 həftə və ya daha az) artıq çəkinin yenidən geri qayıtması kimi çox rastlanan hallar baş verir. Ona görə də belə preparatların qəbulu preparatın içlik vərəqində yazılan müddət ərzində qəbul edilməlidir. Yazılan müddətdən çox da qəbul etmək olmaz.
Effektiv çəki itirmə zamanı xəstənin qəbul etdiyi digər preparatların da dozaları tənzimlənməlidir. Məsələn şəkəri salan preparatların dozaları azaldıla bilər, çünki çəki itirmə zamanı orqanizmin insulinə həssaslığı artır.
Əlbəttə ki piylənmənin müalicəsində yalnız preparatlarla müalicəyə deyil, həm də həyat tərzinin dəyişdirilməsi ilə əlaqədar bəzi qərarlara diqqət yetirmək lazımdır. Əsasən qida ilə bağlı bir sıra tövsiyələrə əməl etmək lazımdır:
Yüksək kalorili qidalardan uzaq durmaq lazımdır. Yüksək kalorili qidalar dedikdə nə nəzərdə tutulur: tərkibində yağ və ya asan həzm olunan karbohidratlar, kərə yağı, marqarin, mayonez, yağlı balıq, ət, kolbasa məhsulları, konservalar (əsasən də yağda olanlar), xamanın, pendirin yağlı sortları (30%-dən çox olanlar) və s. südlü məhsullar. Şəkər və şəkərsaxlayan şirniyyatlar, meyvə quruları və alkohol məhz belə qrup məhsullara aiddir.
Aşağı kalorili məhsulların qəbulunu artırmaq lazımdır. Aşağı kalorili məhsullara mineral sular, şəkərsiz çay, kofe, göyərtilərin və tərəvəzlərin (kartof və paxlalılardan başqa) bütün növləri aiddir.
Əgər aşağı kalorili qidaların qəbulu zamanı çəki lazım olan həddə qədər azalmırsa və ya xəstə şəkərli diabetdən əziyyət çəkirsə, orta kalorili qidaların da qəbulu azaldılır. Bura nişasta, liflərlə zəngin qidalar (kartof, makaron məmulatları, paxlalılar, meyvələr və giləmeyvələr), zülallarla zəngin qidalar (yağsız balıq, yağsız ət, aşağı yağlılıqlı süd məhsulları) aiddir.