Şəkərli diabet və ya sadəcə diabet maddələr
mübadiləsini pozulması ilə, insulin sekresiyasının defekti, insulinin fəaliyyəti
və ya hər iki faktor nəticəsində yaranan şəkərin qanda səviyyəsinin qeyri-adekvat
yüksək olması (hiperqlikemiya) ilə xarakterizə olunan simptomdur.
ÜST ekspertlərinin fikrincə “Şəkərli diabet
bütün yaşların və ölkələrin problemidir”.
Hal-hazırda şəkərli diabetin birdəfəlik müalicəsi
mümkün deyil, lakin bu xəstəliyi idarə edərək çox uğurlu həyat yaşamaq olar. Şəkərli
diabetin 2-ci tipinin idarə edilməsi proqramına əsas məsələlərin həlli üçün
aşağıdakılar daxildir:
Həyat tərzinin dəyişməsi
(dietaterapiya, fiziki fəaliyyət, stresin azaldılması);
Dietaterapiya zamanı gündə 6 dəfə eyni saatda
kiçik porsiyalarla fraksiyalı qidalanmaq, artıq çəki zamanı aşağı kalorili qidalar,
asan həzm olunan karbohidratların (şəkər və onun olduğu məhsullar, bal, meyvə
şirələri) azaldılması, qida lifləri ilə zəngin məhsulların qəbulu (20 q-dan 40
q-a qədər), yağların qəbulunu məhdudlaşdırmaq, arterial hipertenziya,
nefropatiyanın əmələ gəlmə riskini azaltmaq üçün sutkalıq duzdan istifadəni 3
q-a qədər azaltmaq, çünki bir çox məhsulun tərkibində artıq 1.5-2 q-a qədər duz
olur, vitaminlər və mikroelementlərlə bol olan qidaları qəbul etmək, qış-yaz
mövsümlərində vitaminləri preparat şəklində istifadə etmək kimi həkim
tapşırıqlarına əməl etmək mütləqdir.
Şəkərli diabet zamanı fiziki fəaliyyət olaraq
təmiz havada gündəlik gəzinti, üzgüçülük, velosipedlə gəzinti və s. tövsiyə
olunur. Hər xəstənin yaşından, çəkisindən, ümumi vəziyyətindən asılı olaraq,
diabet və ya digər xəstəliklərin olmasını nəzərə alaraq fiziki fəaliyyətin intensivliyi,
tezliyi, davamlılığı individual seçilir.
Qeyd etmək lazımdır ki, fiziki fəaliyyət nəinki
qlikemiyaya müsbət təsir göstərir, həmçinin lipid mübadiləsini də yaxşılaşdırır
və qanın laxtalanma prosesini normallaşdırır. Həmçinin fiziki fəaliyyətlər müsbət
emosiyaların da yaranmasına səbəb olur ki, bu da stress faktorlarına qarşı
orqanizmin dözümlülüyünü artırır. Nəticədə hormonal sistemin fəaliyyətinə müsbət
təsir göstərir. Lakin fiziki fəaliyyət göstərərkən də ehtiyatlı olmaq lazımdır,
ona görə də fəaliyyətdən əvvəl , fəaliyyət zamanı və sonra qanda şəkərin
miqdarını ölçmək lazımdır.
Dərman müalicəsi
(peroral şəkəri azaldan preparatlar, insulinaterapiya, inkretinomimetiklər);
Eyni qrup dərmanların köməyi ilə qlikemiyanı
norma daxilində saxlamaq mümükün olmadıqda kombinə olunmuş terapiyaya
keçirilir. Beynəlxalq araşdırmaların nəticələrinə görə peroral şəkərin səviyyəsini
azaldan preparatlar kömək etmədikdə insulin terapiyasına nə qədər tez başlansa,
bir o qədər irəliləyiş olar.
Hal-hazırda şəkərli diabet ölüm səbəbləri
arasında ürək-damar və onkoloji xəstəliklərindən sonra üçüncü yerdədi. Ona görə
də bu xəstəliklə bağlı bir çox məsələlərin həlli dövlət səviyyəsində həll
olunur.