Sınıq - travma zamanı sümüklərin tamlığının
pozulmasıdır. Belə travmalar çox geniş yayılıb. Adətən aşağı və yuxarı ətrafların
sınıqları baş verir. İkinci yerdə isə qabırğaların sınıqları durur. Onurğa, kəllə,
çanaq sınıqlarına daha az rast gəlinir.
Travma zamanı sınma bəzən tam, bəzən isə qismən
baş verir. İkincilərə çatlar da deyilir. Həmçinin açıq və qapalı sınıqlar da
olur. Qapalı sınıq zamanı xaricdən dəri zədələnmir, açıq sınıq zamanı isə sümük
dərini dələrək xaricə çıxır. Adətən açıq sınıqlar qanaxma ilə müşayət olunur.
Bu da vəziyyəti daha da təhlükəli edir. Bundan başqa sümüklərin yerdəyişməsi ilə
olan və yerdəyişmə baş verməyən sınıqlar olur.
Hər hansı
nahiyədə olan sınığı ilkin olaraq necə müəyyən etmək olar? Sınıqların əsas
simptomu güclü ağrıdır və bədənin travmaya məruz qalmış hissəsini cüzi olaraq hərəkət
etdirərkən bu daha da güclənir. Bu zaman həmin nahiyə hərəkət qabiliyyətindən məhrum
olur. Məsələn qol sümüklərinin sınıqları zamanı xəstə qolunu qaldıra və ya kənara
hərəkət etdirə bilmir. Ayaq sümüklərinin sınıqları zamanı üstünə basa bilmir və
s. Daha bir simptom sınma yerində əmələ gələn ödemdir. Lakin ödemi həmişə görmək
olmur: bəzən çox kiçik ola bilir, kök insanlarda nəzərə çarpmaya bilir. Dəqiq
diaqnozu isə rentgenoqrafiya etməklə həkim müəyyən edir.
Travma
zamanı sınıq yaranırsa, bu ağrı ilə müşayət olunur. İlkin olaraq xəstəyə
ağrının qarşısını almaq üçün ağrıkəsici verilir. Daha sonrakı vacib əməliyyat sınıq
olan nahiyəni immobilizə etməkdir, yəni həmin nahiyənin hərəkətsizliyini təmin
etmək lazımdır. İmmobilizasiya zamanı zərər görmüş nahiyənin istiqamətini dəyişmək,
ətrafı düzləşdirmək, sümükləri bir-birinə yaxınlaşdırmaq və s. kimi
manipulyasiyalar etmək olmaz. Çünki bu zaman sümüklər, əzələlər, bağlar daha
çox zədə ala bilərlər və ən qorxulusu xəstə ağrıdan şoka düşə bilər. Həmçinin
açıq sınıq zamanı da dəridən çıxan sümük fraqmentlərini içəri salmaq və ya
çıxarmaq olmaz. Bu zaman yalnız şina qoymaqla immobilizasiya edib həkimə müraciət
etmək lazımdır.