Miqren əsas baş ağrı növü sayılır. Adətən miqren
tutmaları 4 saatdan 72 saata qədər davam edir və simptomları çox ağır olur.
Ağrılar birtərəfli, pulsasiya edən olur və hər hansı fiziki yüklənmə zamanı
güclənir. Bəzən ürəkbulanma, işığa, səsə, iylərə olan həssaslıq kimi
simptomlarla müşayət olunur. 25% xəstələrdə çox vaxt əvvəl, bəzən isə miqrendən
sonra epileptik tutmaların əlamətləri olur. Adətən cavan yaşlarda başlayır və
yaş artdıqca, əsasən 50 yaşdan sonra azalmağa başlayır. Bəzi araşdırmalar göstərir
ki, miqrenin inkişafına irsi meyllilik də təsir edir.
Miqren tutmalarının yaranmasına səbəb ola biləcək
bir çox faktorlar müəyyən edilmişdir:
Havanın dəyişkənliyi;
Qeyri-müntəzəm qidalanma;
Güclü qıcıqlandırıcılar (yanıb-sönən işıq,
güclü iylər);
Stress;
Yuxu rejiminin pozulması;
Hormonal faktorlar (əsasən menstruasiya ilə əlaqədar
olan);
Qırmızı şərab qəbulu;
Bəzi qida məhsulları;
Ərzaq-triqqerlər hər xəstə üçün müxtəlif olur.
Bəzən miqren tutmaları və ya pisləşməsi kəllə travması, boyunda olan ağrılar və
gicgah-alt çənə oynağının disfunksiyası ilə əlaqədar olur. Estrogen səviyyəsinin
dəyişməsi də miqreni tətikləyən faktorlardandır. Adətən menstrusiya zamanı
güclü ağrılar olur, menopauza vaxtı isə vaziyyət daha da ağırlaşır. Oral
kontraseptivlərin və ya digər hormonal dərmanların qəbulu miqren tutmalarının
intensivliyini artırır.
Müalicəsi üçün nə etmək lazımdır:
Bütün məlum olan triqqerləri uzaqlaşdırmaq;
Relaksasiya metodları, yoqa və s.;
Yüngül tutmalar zamanı ağrıkəsicilərdən
istifadə;
Kəskin miqren tutmaları üçün neyromoduləedici
qurğular;
Digər dərman müalicəsi;
Yuxarıda verilən müalicə metodlarından başqa miqren
haqqında xəstəyə detallı olaraq məlumatın verilməsi onlara öz tutmalarını
kontrol etməkdə kömək edir. Bəzən həkim xəstəyə baş ağrı gündəliyi tutmağı
tövsiyə edir. Xəstə tutmaların başlanma vaxtını və sayını, təhrikedici amilləri, dərman preparatlarına reaksiyanı
qeyd edir. Nəticədə müəyyən edilmiş təhrikedici amillər mümkün qədər aradan
qaldırılır.