D vitamini
günəş vitaminidir. Günəş şüası bizim dərimizə düşəndə fotokimyəvi reaksiya baş
verir, nəticədə çox miqdarda D vitamini sintez olunur. D vitamininin müxtəlif məhsullarda
olmasına baxmayaraq, bu mənbələrdən alınan doza hətta qısa müddətdə belə günəşin
təsirindən alınan doza ilə müqayisədə çox əhəmiyyətsiz görünür. Günəş işığı
80-100% vitamin D-nin mənbəyidir. Yəni günəş altında keçirilən bir neçə dəqiqə ərzində
insan qidadan aldığından dəfələrlə çox vitamin D alır. Lakin qış mövsümündə günəş
şüalarının intensivliyi aşağı düşür. Bu zaman D vitamininin mənimsənilməsi çox
zəifləyir.
Araşdırmalar
göstərir ki, günəş şüası və D vitamini bizim sağlamlığımıza və bəzi xəstəliklərin
inkişaf intensivliyinə təsir göstərir. Kaliforniya Universitetinin professoru
Sedrik Qarland bildirir ki, orqanizmdə D
vitamininin normal səviyyədə olması döş vəzisi xərçənginin yayılmasının və əmələ
gəlməsinin qarşısını alır. O iddia edir ki, bu “siqareti tərgitməkdən əlavə, xərçəng
hallarının azaldılması üçün cəmiyyətin edə biləcəyi ən mühüm addımdır”. Günəş
şüası və D vitamini həmçinin raxit, osteomalyasiya, osteoporoz kimi sümük xəstəliklərinin qarşısını alır, kalsiumun səviyyəsini
və skletin tamlığını bərpa edir. Bunlar 100 ildən çoxdur ki müəyyən edilmişdir,
ona görə də raxit hal-hazırda çox geniş yayılmış xəstəlik deyil.
Ultrabənövşəyi
şüalar və D vitamini maddələr mübadiləsində və ürək sağlamlığının qorunmasında da
böyük rol oynayır. Bundan başqa D vitamini katelisidin adlı polipeptid
induksiya edir. Katelisidin həm virus, həm də bakterial infeksiyalara qarşı
effektiv mübarizə aparır. Ona görə D vitamini aşağı səviyyədə olanda insanın
immuniteti də aşağı olur.