Panika tutmaları hər cür həyəcanlı anda baş verə bilər və qəfil qorxu
tutması ilə xarakterizə olunur. Məsələn: ilana qarşı fobiyası olan adam ilanı
görərkən panikaya düşə bilər. Belə panik ataklar “gözlənilən” olur. “Gözlənilməz”
isə spontan, heç bir səbəb olmadan yaranan panik ataklardır. Bu pozğunluğu olan
insanlar adətən tutmanı əvvəlcədən hiss edə bilirlər və panikaya səbəb ola biləcək
hadisələrdən, yerlərdən qaçırlar. Belə insanlar həmişə ürək, ağciyər, beyin və
ya digər orqanların ciddi xəstəliyi olmasından narahatdırlar. Onlar dəfələrlə həkimə
müraciət edirlər. Bəzən simptomlara görə düzgün diaqnoz qoyulmaya bilər. Panika
halının simptomları bunlardır: ölüm qorxusu, ağlını itirmə və ya davranışa nəzarəti
itirmə qorxusu, qeyri-reallıq, dereallıq və ya özündən ayrılma hissi, sinədə
ağrı və ya diskomfort, başgicəllənməsi, boğulma hissi, titrəmə, tremor, ürəkbulanma,
həzm pozğunluğu, ürək ritminin artması, hədsiz tərləmə və s. Panik atak zamanı
yuxarıda qeyd etdiyimiz simptomların ən azı 4-ü müşahidə olunur.
Panika tutmalarının müalicəsi dərmanlarla və psixoterapiya ilə aparılır.
Müalicə simptomları kontrol etməyə kömək edir. Dərmanları kəsərkən isə panika
tutmaları yenidən qayıda bilər. Ona görə davamlı olaraq bu hal baş verirsə,
mütləq müalicəyə başlamaq lazımdır. Çünki panika pozğunluğu olan çox insan ağır
depressiyadan da əziyyət çəkə bilər.
Əgər təsadüfi bir panika halı
varsa, heç bir müalicəyə ehtiyac yoxdur. Təkrarlanan panika hallarının və ya panik
pozuntunun müalicəsi zamanı məqsəd bu vahiməli, qorxulu halların sayını və şiddətini
azaltmaqdır.