“Quru göz”
sindromu buynuz qişanın və konyuktivanın ikitərəfli zədələnməsidir və göz yaşı
istehsalının azalması ilə xarakterizə olunur. Simptomları arasına qaşınma,
qıcıqlanma və işığa həssaslıq, işıqdan
qorxma aiddir. Xəstələr adətən gözdə qum olması hissindən əziyyət çəkdiklərini
bildirirlər. Bəzən gözdə kəskin “bıçaq” ağrısı, gözdə ağırlıq, görmənin
dumanlanması müşahidə olunur. Bəzən isə qıcıqlanmadan sonra çox miqdarda göz
yaşı müşahidə olunur. Simptomlar intensivliklərinə görə dəyişirlər və epizodik
olaraq üzə çıxa bilərlər. Bir çox faktorlar var ki, simptomları daha da kəskinləşdirə
bilər: uzunmüddətli gərgin baxma, tüstü, toz, havanın quruluğu, dehidratasiya, bəzi
sistem preparatları, sedativlər, sidikqovucular, hipotenziv preparatlar,
antihistamin, bəzi mədə-bağırsaq preparatları və s. Simptomlar yağışlı,
dumanlı, soyuq havalarda və ya yüksək rütubət olan şəraitdə məsələn duş qəbulu
zamanı azala bilər. Görmə kəskinliyinin periodik və uzunmüddətli azalması,
tez-tez olan intensiv qıcıqlanma gündəlik rutini poza bilər. Bununla belə
davamlı olaraq görmənin pisləşməsi nadir rast gəlinir.
Ona görə
“quru göz” sindromundan əziyyət çəkən insanlara öz həyat tərzlərini dəyişmək məsləhət
görülür. Kontakt linzaları istehsalçı tövsiyə etdiyi vaxtdan çox istifadə etməmək,
otağın rütubətliliyini nəzarətdə saxlamaq, kitab oxuyarkən, kompyuterdə işləyərkən,
televizora baxarkən tez-tez göz qırpmaq, gərgin baxmamaq lazımdır, ekranı elə
yerləşdirmək lazımdır ki, göz səviyyəsindən aşağı olsun.