Affektiv pozğunluqlar doğumdan sonra baş verən
çətinliklər sırasına aiddir. Adətən doğumsonrası depressiyaya rast gəlinir ki,
bu da ananın, uşağın və ümumiyyətlə ailənin vəziyyətinə mənfi təsir edir.
Araşdırmalara görə bu hal çox vaxt aşkarlanmamış keçir. Doğuşsonrakı depressiya
1 il bəzən isə 2 ilə kimi davam edir. Residivin yaranma riski çoxdur, belə ki,
40% qadın ya sonrakı hamiləlik, ya da həyatları boyunca təkrar depressiv
epizodlar yaşayırlar. Bu vəziyyət özünü yuxu pozğunluğu, əhval-ruhiyyə dəyişikliyi,
iştahın dəyişməsi, uşağa zərər verə bilmə qorxusu, öz gücünə inamsızlıq, gündəlik
işlərə olan marağın sönməsi, günah hissi, lazımsızlıq hissi, düşüncə qabiliyyətinin
zəifləməsi, konsentrasiyanın pozulması, intihar haqqında fikirlərin yaranması
ilə özünü büruzə verir. Daha ağır depressiv vəziyyətlərdə ümidsizlik hissi
intihar cəhdlərinə gətirib çıxara bilər. Doğumsonrakı affektiv pozğunluqlar həm
ananın, həm uşağın fiziki və psixoloji sağlamlığına mənfi təsir edir. Bəzən
doğumsonrası depressiya ana ilə körpə arasındakı bağın formalaşmasına mane
olur. Bu isə uşağın emosional, sosial və koqnitiv inkişafına mənfi təsir edir.
Depressiyanın orta və ağır dərəcəsi zamanı adi depressiyanın müalicəsindəki
standart yanaşma məsləhət görülür: psixoterapiya və dərman terapiyası. Bəzən
müalicə zamanı əmizdirmədən imtina etmək lazım gəlir.