Hamiləlik
dövründə qidalanma xüsusilə vacibdir. Qadın bədəni dölün inkişafına və əmizdirmə
prosesinə hazırlaşdığına görə uşaqlıq toxuması və plasenta inkişaf etməyə
başlayır, qanla təchiz olunma artır. Çəkinin normal şəkildə artması ananın və
uşağın sağlamlığını dəstəkləyir və ağırlaşma riskini aradan qaldırır. Son illərin
araşdırmaları göstərir ki, ananın hamiləlik vaxtı olan çəki artım tempi, qida vərdişləri
dölün koqnitiv inkişafına, ürək-damar problemlərinin olmamasına, piylənməyə
meylliliyə təsir göstərir. Hamilə qadının fiziki aktivliyindən, boyundan, çəkisindən
və sağlamlıq vəziyyətindən asılı olaraq onun nə qədər qida qəbul etməli olduğu
müəyyənləşdirilir. Gün ərzində müntəzəm qida qəbul etmək lazımdır. Bu zaman
mümkün qədər müxtəlif ərzaq növlərini uyğunlaşdırmaq lazımdır. Çünki hamilə
qadınlar adətən qıcqırma və ürəkbulanmadan əziyyət çəkirlər. Qidanın kiçik
porsiyalarla yeyilməsi, ərzaqların müxtəlifliyi, yeməyin yaxşı çeynənməsi çox
vaxt bu simptomları yüngülləşdirir. Suyun bol miqdarda qəbul edilməsi, qida
lifləri ilə zəngin yemək həzm sistemini normallaşdırır və xroniki xəstəliklərin
sağalmasını təmin edir. Bundan başqa hamiləlik zamanı kalsium, dəmir, fol
turşusu, D vitamini, yod ilə zəngin qidalar qəbul etmək mütləqdir. Çünki hamiləlik
zamanı bu mineralların dölün bədənində ehtiyatı yaranır ki, bu da ona ilk illərdə
kömək olacaqdır. Ət, balıq, toyuq, yumurta, süd və s. qəbul etməyən vegetarian
və veqan analara dietoloqla işləmək məsləhət görülür. Həmçinin B12 vitamininin
və sinkin də miqdarına nəzarət etmək lazımdır.