Appendisit kor bağırsağın soxulcanabənzər
çıxıntısının kəskin iltihabıdır. Xəstəliyin təzahürləri qarında ağrı,
anoreksiya, palpasiya zamanı ağrı və s. kimi simptomlardır. Diaqnoz kliniki təzahürlərə
əsaslanır, təsdiqlənməsi üçün KT və ya USM edilir. Müalicəsi üçün operativ
müdaxilə tələb olunur. Adətən yeniyetmələrdə rast gəlinir, amma insan istənilən
yaşda bu halla üzləşə bilər.
Appendiksdə yarana biləcək digər ağrılı
proseslərə karsinoid, xərçəng, adenomalar, divertikul və s. aid etmək olar. Apendiks
həmçinin Kron xəstəliyi və xoralı kolit xəstəliyinin təsirinə məruz qala bilər.
Güman edilir ki, appendisitin əmələ gəlməsinə
səbəb hiperplaziya olunmuş limfa toxuması, yad cisimlərlə, fekaliya və hətta
parazitlərlə appendiksin girişinin tıxanmasıdır. Tıxanma nəticəsində orda
bakteriyaların çoxalması, işemiya, iltihab və s. baş verir. Müalicə olunmazsa,
nekroz, qanqrena, perforasiya yarana bilər.
Klassik appendisitin simptomlarına əsasən epiqastriya
və ya göbək nahiyəsində ağrı aiddir. Bəzən qısamüddətli ürəkbulanma, qusma ilə
müşayət oluna bilir. Bir neçə saatdan sonra ağrı qarnın sağ aşağı nahiyəsinə
keçir. Öskürək zamanı, kiçik bir hərəkət zamanı ağrı güclənir. Bəzən yüngül
qızdırma da müşahidə oluna bilər.
Əlavə simptomlara qarnın sol aşağı nahiyəsini
palpasiya edən zamanı sağ alt nahiyədə ağrının olması da aiddir. Çox təəssüf ki
klassik təzahürlər hamıda müşahidə
olunmur, bəzən appendisitin simptomları dəyişkən ola bilir. Yaşlı insanlarda və
hamilələrdə appendisit zamanı ağrı hissi zəif olur, uşaqlarda isə ağrı lokal
olmur. Bəzən ümumiyyətlə ağrı olmaya da bilər.
Appendisitin klassik təzahürləri meydana
çıxarsa, diaqnoz tez qoyulmalıdır. Cərrahi müdaxilə gecikərsə, xəstə həyatı
ciddi təhlükə ilə üzləşə bilər. Cərrahi əməliyyatın mümkün olmadığı halda antibiotiklərlə
müalicə davam etdirilir, lakin bu tam müalicə etmir. Bəzən antibiotiklərlə
müalicədən sonra yüksək faiz sorulma görülsə də, əksər sayda xəstələrdə residiv
müşahidə olunur. Bu zaman növbəti ildə appendoktamiya qaçılmaz olur.